Qulaqlarda küy hansı xəstəliklərin simptomu ola bilər?

Qulaqlarda küy hansı xəstəliklərin simptomu ola bilər?

Yazar Yorum Yap 28 views

Bir çox insanlar qulaqlarda, başda küy eşidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur.

Bu xoşagəlməz simptom bəzi insanların iş qabiliyyətinə və həyatına xeyli mənfi təsir edir, bəzilərini isə bu heç narahat etmir.

Hal hazırda tibdə belə küyü adlandırmaq üçün xüsusi termin «tinnitus» istifadə olunur. Araşdırmalara görə, dünyada yaşayan insanların təxminən 5%-i xroniki tinnitusdan əziyyət çəkir. Əvvəl küy daha zəif olur, vaxt keçdikcə artır, insan buna daha çox fikir verməli olur, onun diqqəti, yuxusu və istirahəti pozulur, müxtəlif qorxular, depressiya inkişaf edir.

Qulaqlarda xroniki küyün səbəbləri müxtəlifdir — adi yorğunluqdan, stresdən başlayaraq beyin şişlərinə kimi.

Qulaqlarda küy bu səbəblərə görə ola bilər:

— Baş və qulaq travmaları.

— Qulaqda iltihabi proseslər.

— Beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması. Bu çox təhlükəli simptomdur. Belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər. Bu səbəbdən əgər sizi daim nəbz kimi vuran küy narahat edirsə, mütləq həkimə müraciət edin.

— Vestibulyar apparatının fəaliyyətində pozulmalar.

— Boyun osteoxondrozu. Bu xəstəlik zamanı fəqərə arası disklərdə pozulmalar yaranır — disklər nazilir, dağılır. Nəticədə fəqərələr arasında keçən damarlar və sinirlər sıxılır. Damarların sıxılması isə beyin qan dövranının pozulmasına səbəb olur.

— Nevroz, stress, həddən artıq yorğunluq.

— Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.

— Beyin şişləri (xoş və bədxassəli).

— Nevroloji və psixiki pozulmalar.

— Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu

— Meningit (qulaqlarda küy bu xəstəliyin ilk simptomu ola bilər).

Beləliklə, əgər sizi qulaqlarda küy narahat edirsə, bu küy artır və s. mütləq həkimə müraciət edin. Hətta belə cüzi simptom bəzən çox ciddi xəstəliyin simptomu ola bilər.

Etiketler