Qırmızı düyü digər düyülərin arasında ən faydalı sayılır.
Adətən istifadə etdiyimiz ağ düyü ilə (aş düyüsü) müqayisədə qırmızı düyü xüsusi emaldan keçmir ki, onun faydalı maddələrlə zəngin olan xarici qişası saxlanılır.
Qırmızı düyü B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin, saçların, dırnaqların, dərinin sağlamlığı üçün olduqca vacibdir.
Saglamolun.az bildirir ki, maqneziumla zəngin olan qırmızı düyü əzələlərin (o cümlədən, ürək əzələsinin) tonusda olması üçün çox vacibdir. Həmçinin bu düyüdə ürəyin sağlamlığı üçün vacib olan digər maddə — kalium da var.
Qırmızı düyü kalsiumla da zəngindir. Kalsium sümüklərin, dişlərin möhkəmliyini təmin edir.
Qırmızı düyü antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmin qocalmasını sürətləndirən sərbəst radikallarla mübarizə aparır, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafı riskini azaldır.
Qırmızı düyünün tərkibində olan və ona belə spesifik rəng bəxş edən «parasionid» maddələri dərinin vəziyyətinə çox müsbət təsir edir — elastikliyini artırır, qırışları azaldır, piqmentasiyanın qarşısını alır.
Qidalı liflərlə zəngin olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən ziyanlı maddələrin (şlaklar, toksinlər və s.) çıxmasını sürətləndirir, qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.
Qırmızı düyü orqanizm tərəfindən yaxşı mənimsənilir. Həmçinin qırmızı düyü insanı uzun müddət ərzində tox saxlayır ki, bu da arıqlamaq istəyən insanlar üçün çox vacibdir.
Qırmızı düyü aşağı qlikemik indeksə malikdir ki, şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qidalanmasına rahatlıqla daxil edə bilərlər.
Qırmızı düyünün tərkibində qlüten maddəsi yoxdur. Bir çox insanlarda qlütenə qarşı dözümsüzlük var. Bu maddə onların orqanizminə düşdükdə bağırsaqların xroniki iltihabına və müxtəlif ağır mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb olur. Qlüten əksər taxıl bitkilərinin (buğda, arpa, covdar, yulaf və s.) tərkibinə daxildir. Bu səbəbdən qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkənlər bu bitkilərin qəbulundan imtina etməlidir.
Qırmızı düyünün bişirilmə müddəti ağ düyü ilə müqayisədə daha çoxdur. Faydalı olmaqla yanaşı qırmızı düyü çox xoş və qeyri-adi dada malikdir.