Uşaqlara çörək yedirtməyin! — VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Uşaqlara çörək yedirtməyin! — VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Yazar Yorum Yap 35 views

“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır.

Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”…

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.

Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb. O, Ailem.az-a açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil: “Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur”.

Həkimin sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır: “Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər — içərisində olan qatqı maddələri — rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır”.

Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar: “Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa maya və qlüten mövzusu da var. İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaq vaxtından etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!”

Etiketler