Təzə tərəvəzlərin, quru meyvələrin və bitki çaylarının müntəzəm istehlakı hipertoniya ilə mübarizəyə kömək edə bilər.
Bu barədə Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.
Onun sözlərinə görə, təzyiqi oynayanlar və hipertoniyadan əziyyət çəkən insanlar qida rasionuna maqnezium və kaliumla zəngin qidalar daxil etməli, həddindən artıq duzlu yeməklərdən isə uzaq durmalıdırlar.
“İlk növbədə bitki çaylarına, quru meyvələrə, həmçinin bütün təzə mövsümi giləmeyvə və meyvələrə diqqət yetirilməlidir. Bu, o demək deyil ki, yedinizsə təzyiq dərhal düşəcək, xeyr. Ancaq bu qidalar mütəmadi istehlak edilsə, çox duzlu yeməkdən çəkinilsə hipertoniyanı idarə etmək və tutmaların öhdəsindən gəlmək daha asan olar”, — deyə həkim bildirib.
Qinzburq belə insanlara tez-tez göyərti, xüsusən şüyüd və cəfəri yeməyi tövsiyə edib.
“Bütün yarpaqlı göyərtilər “K” vitamini ilə zəngindir, həmçinin mülayim sidikqovucu təsirə malikdir ki, bu da qan damarlarına yükü azaldır. Çin kələmi, ispanaq, bütün bunlar hipertoniya xəstələrinə vacibdir”, — deyə Qinzburq sözlərini yekunlaşdırıb.
Oxu.az