Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Yazar Yorum Yap 22 views

Hamiləliyin normal müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti hamiləliyin 38-ci, 39-cu, 40-cı həftələrində anadan olur.

Bu normal sayılır. Lakin bəzən müxtəlif səbəblərə görə uşaq vaxtından qabaq dünyaya gəlir. 37 həftəsindən tez anadan olmuş uşaq vaxtından qabaq doğulmuş sayılır.

Bu halın səbəbləri arasında:

— Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).

— Abortlar.

— Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.

— Valideynlərdə olan müxtəlif xəstəliklər.

— Hamiləliyin patoloji gedişatı.

— Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.

— Çoxdöllülük.

Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər  hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.

Nəzərinizə çatdıraq ki, vaxtından qabaq doğulmuş uşaqların əksəriyyəti sonra tam normal inkişaf edir və onların səhhətində heç bir ciddi problem olmur. İlk 2 il ərzində belə uşaqlar öz yaşıdları ilə müqayisədə bir qədər gec inkişaf edə bilərlər (daha gec oturur, gəzir, danışırlar və s.). Lakin həyatın 3-cü ilindən başlayaraq bu uşaqlar öz yaşıdlarına çatır və bəzən hətta onları ötürlər.

Təbii ki, vaxtından qabaq doğulmuş uşaqlara daha ciddi nəzarət və qayğı tələb olunur. Xəstəxanadan evə yazıldıqdan sonra belə uşaqlara ana xüsusi diqqət yetirməlidir, uşaq daim pediatr həkimin nəzarətində olmalıdır.

Vaxtından qabaq doğulmuş uşaqlar üçün 4 dərəcə mövcuddür:

1-ci dərəcə. Uşaq 35-37 həftədə doğulub, onun çəkisi 2001-2500 qr arasıdır.

2-ci dərəcə. 32-34 həftə, uşağın çəkisi — 1501-2000 qr.

3-cü dərəcə. 29-31 həftə, çəki — 1001-1500 qr.

4-cü dərəcə. Hamiləliyin müddəti 22-29 həftədən az olan, çəkisi 1 kq-dan az.

1-2 dərəcələr daha yüngül, 3-cü dərəcə orta, 4-cü dərəcə ağır sayılır.

Valideynlərin əksər hissəsi belə hesab edir ki, vaxtından qabaq doğulmuş uşaqların əsas problemi onların çəkisinin az olmasıdır. Lakin bu səhv fikirdir. Burada əsas problem vaxtından qabaq doğulmuş uşaqda əsas sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Sadə dildə desək, vaxtından qabaq  doğulmuş uşaq ana bətnindən «tam yetişməmiş» vəziyyətdə çıxır və məhz bu müxtəlif problemlərə səbəb olur.

Əsas problemlərdən biri — nəfəsalma sistemin natamam inkişafıdır. Ağ ciyərlərimiz alveollardan ibarətdir. Bu alveollar çox kiçik hava qabarcıqlardır. Orqanizmimizdə olan xüsusi maddə «surfaktant» alveolların daxili səthlərini örtərək onların divarlarının  yapışmasına imkan vermir. Vaxtından qabaq doğulmuş uşaqların orqanizmində surfaktant lazım olan miqdarda olmur və bunun nəticəsində belə uşaqlar müstəqil şəkildə nəfəs ala bilmirlər. Bu hal bütün vaxtından qabaq doğulmuş uşaqlarda baş vermir (vaxtından qabaq doğulmasının dərəcəsindən asılıdır).

Müstəqil şəkildə nəfəs ala bilməyən uşağı dərhal xüsusi küvezə yerləşdirirlər. Belə küvez ağ ciyərlərin süni ventilyasiya sistemi ilə təchiz olunur və apparat müəyyən müddət ərzində (uşağın müstəqil nəfəsalması mümkün olana kimi) uşağın əvəzinə «nəfəs alır». Küvezdə daim temperatur və rütubət saxlanılır (ana bətninə yaxın olan şərait yaradılır). Bu belə uşaqlar üçün çox vacibdir.

Çoxsaylı cihazlar uşağın orqanizmində olan bütün proseslərə (nəzb, nəfəsalma tezliyi, qanda oksigenin səviyyəsi və s.) nəzarət edir və lazım olduqda həkimlərə həyacan siqnalı verir.

Əmmə refleksi olmayan və ya az olan vaxtından qabaq doğulmuş uşaqları zond (nazik yumşaq borucuq) vasitəsi ilə ana südü ilə qidalandırırlar (zond ağız boşluğundan mədəyə salınır). Lazım olduqda ana südünə bəzi əlavələr olunur. Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacibdir.

Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər.

Bu qrup uşaqlarda qara ciyər də natam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.

Mənbə: proberemennost.rf

Etiketler