Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb.
Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür? Afrodiziaklar cinsi fəaliyyəti gücləndirir, intim həyatı stimullaşdırır, insanın seksə olan həvəsini artırır.
Modern.az saytı afrodiziak vasitələr haqqında yazını təqdim edir.
Afrodiziak vasitələr iki qrupa bölünür. Kimyəvi tərkibli və təbii afrodiziaklar.
Hazırda apteklərdə saysız-hesabsız çeşiddə kimyəvi tərkibli afrodiziaklar təklif olunur. Dünyanın ən aparıcı kütləvi informasiya vasitələri bu cür həblərin reklamına səxavətlə yer ayırırlar. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada ən çox istifadə olunan dərman pereparatlarının arasında bəzi kimyəvi tərkibli afrodiziakların da adı var. Bu çox da sevindirici hal deyil. Çünki həmin pereparatlar nə qədər güclü təsirə malikdirsə, bir o qədər də mənfi fəsadları, əks göstəriciləri var. Məhz elə təkcə bu səbəbdən kimyəvi tərkibli afrodiziaklardan imtina etməyə dəyər. İkinci bir tərəfdən təbii afrodiziaklara əl çatan bir vaxtda apteklərə üz tutmağa dəyərmi?
Təbii afrodiziak vasitələr hansılardır. Onları aşağıdakı qruplara bölmək olar:
1. Afrodiziak qida məhsulları
2. Afrodiziak içkilər
3. Afrodiziak yağlar
4. Afrodiziak bitki və güllər
Afrodiziak qidaların siyahısında qoz, badam, yumurta, bal, kokos, banan, çiyələk, sarımsaq, şokolad, göbələk, kürü, balıq və digər dəniz məhsullarını görmək olar. Bunlarla yanaşı aşağıdakı qida məhsullarını da cinsi fəaliyyətin stimullaşdırılması üçün afrodiziak vasitə kimi qəbul etmək olar:
1. Kişmiş
2. Balqabaq
3. Kök
4. Kərəviz
5. Küncüt
6. Vanil
7. Ananas
8. Darçın
9. Əncir
10. Yulaf
11. İstiot
12. Püstə
Afrodiziak vasitə kimi aşağıdakı içkilərə üstünlük vermək olar:
1. Təbii üzüm şərabı güclü afrodiziak sayılır. Ancaq bir şərtlə ki, o, kiçik dozada qəbul edilməlidir, əks halda əks təsirə məruz qalmaq ehtimalı yarana bilər.
2. Qəhvə orqanizmin ümumi tonusunu stimullaşdırmaq xassəsinə malikdir. Qəhvəyə az miqdarda darçın qatılarsa cinsi fəallığın artmasına səbəb olar.
3. Darçın, zəfəran, hil, mixək, zəncəfil, jenşen kökü ilə dəmlənmiş çaylar seksə həvəsi artırır, cinsi fəaliyyəti yaxşılaşdırır.
4. Kök və narıngi şirələrini afrodiziak vasitə kimi istifadə etmək olar.
Afrodiziak yağların siyahısına zeytun və efir yağları başçılıq edir. Bu yağlar bütövlükdə orqanizm üçün faydalı olduğu qədər normal cinsi fəaliyyətin təmin olunmasında mühüm rol oynayır.
Aşağıdakı bitki və güllər isə ən effektli afrodiziaklar sayılır:
1. Qızılgül
2. Əzvay (aloye)
3. Adaçayı (şalfey)
4. Jenşen
5. Nanə
6. Lavanda
Göründüyü kimi yuxarıda adları çəkilən təbii afrodiziakları əldə etmək bir o qədər də çətin deyil. Sadalanan bu qida məhsulları cinsi fəaliyyətə müsbət təsir göstərməklə yanaşı həm də sağlamlıq üçün olduqca faydalıdır. Belə olan halda kimyəvi afrodiziaklara üstünlük vermək nə dərəcədə düzgün olar?
Təbii afrodiziaklar yalnız cinsi zəiflik, intim həyatda problemlər yaranan zaman qəbul edilməməlidir. Onlardan müntəzəm qəbul etməklə bu sahədə yarana biləcək problemlərin qarşısı profilaktik tədbir kimi vaxtında alınmış olar.
Bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, istənilən qida məhsulu o vaxt effektli və faydalı olur ki, ondan qədərində istifadə olunur.