Hər bir valideyn övladının hündürboy olmasını istəyir. Əslində isə boy məsələsində genetika, idman və inkişaf dövründə qidalanma kimi faktorlar mühüm rol oynayır. Sümüklərin uzanma prosesi qızlarda 18-20, oğlanlarda isə 22 yaşına kimi davam edir.
Yeniavaz.com Azərtac-a istinadən xəbər verir ki, həkim-vertebroloq Roya Musayevanın dediyinə görə, uşağın boyunun qısa və ya uzun olacağını körpə yaşlardan müəyyən etmək olar:
“Ata-ananın boyunun hündürlüyü əksər hallarda uşağın da boyunun hündür olmasını şərtləndirir. Lakin burada yeddi nəsil önəmli kriteriya sayılır, çünki həmin nəsildə qısaboyli kimsə varsa, uşağın DNK-sında kodlanmış olur və sonralar üzə çıxır. Bu zaman xaricdən müdaxilə, hormonal balansa diqqət yetirmək və uşağın qidalanmasına təsir göstərərək boyun uzanmasına nisbətən kömək etmək olar”.
İnkişaf mərhələsində boy qısalığına mane olan amillərdən biri də onurğa əyriliyi və fəqərə pozulmasıdır. Bundan başqa stress kimi psixoloji narahatlıqlar da boyun uzanmasına mənfi təsir göstərir. Müsahibimiz deyib: ”Uşaq doğularkən onun boyunun nə qədər olması mühüm əhəmiyyət daşıyır. Əsasən yeni doğulan körpələrin boyu 39 santimetrdən 54 santimetrə qədər olur. Təbii ki, burda yarımçıq doğulmuş uşaq faktoru da var. 1 yaşında uşaq artıq 71-74, 10 yaşında uşaq 120-140 santimetr arasında olmalıdır. İndiki dövrdə fast-fudların çox istifadə edilməsi nəticəsində də boy hormonuna, hətta köklüyə gətirib çıxara bilir. Ona görə valideynlərdə uşağın boyunun qısa olduğuna şübhə yarandığı vaxt uşağın hormonal balansı yoxlanılmalı və ona uyğun müalicə tətbiq edilməlidir”.
Aparılan araşdırmalar sağlam qidalanmanın, əsasən də proteinli qidaların boya təsir etdiyini göstərir. Ona görə də uşaqların süd və süd məhsulları, meyvə-tərəvəz, qoz-fındıq, ət məhsulları ilə qidalanması çox əhəmiyyətli rol oynayır.