Təhlükə daha çox diş kabinetlərində yayılır
Adil Qeybulla: “Diş dibində gedən müalicələr zamanı istifadə olunan alətləri stomotoloqlar çox zaman dezinfeksiya etmirlər”
Bütün dünyada yayılmış hepatit xəstəliyi bizi də qayğılandıran problemə çevrilib. Hazırda Azərbaycanda hepatitin ayrı-ayrı növlərinə yoluxmuş 7043 xəstə var. Belə ki, Kliniki Tibbi Mərkəzin hepatit şöbəsinə cari ilin altı ayı ərzində 838 nəfər qəbul edilib. Onlardan 171-i hepatitin B, 502-si C, yeddisi A, doqquzu isə D virusları ilə yoluxub.Yoluxanların 55 faizini kişilər təşkil edir.
Bu barədə məlumatı “Cümhuriyət” qəzetinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov verib.Onun sözlərinə görə, Azərbaycanda hepatitlərlə mübarizə sahəsində zəruri addımlar atılır. B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiya yaradılmış, xəstələrə zəruri dərman preparatları dövlət hesabına təqdim edilir, müalicə işi aparılır: “2013-cü ildən yeni preparatların tətbiqi nəticəsində 95 faizdən artıq sağalmaya nail olunub. Hazırda qeydiyyatdan keçən yeni preparatlar hepatit xəstələrinin sağalıb həyata qaytarılmasında xüsusilə, böyük rol oynayır.Vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya — qaraciyər serozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır.Dünya Səhiyyə Təşkilatının məlumatları da bunu təsdiqləyir.Vaxtilə hepatitlərdən ölüm halları statistikada yeddinci yerdə idisə, indi onuncudur”.
Məlumat üçün bildirək ki, qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır.Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər — viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s. Lakin səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır.Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir.Hepatit xəstəliyi olan insanda iştahasızlıq və ürəkbulanması tez-tez olur.Lakin belə xəstə heç bir halda qidadan imtina etməməlidir ki, bu xəstəliyin gedişatına çox mənfi təsir edir.Hepatit xəstəliyi olan insanlar avitaminozlardan əziyyət çəkir.Bu səbəbdən belə xəstələr vitaminlərlə zəngin olan qidalara üstünlük verməlidir.Tibb mütəxəssisləri hesab edir ki, hazırda ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir.Belə ki, B hepatiti adətən cinsi yolla və stomatologiyada istifadə olunan preparatların təkrar istifadə olunmasından, C hepatiti isə cinsi yolla praktiki olaraq keçmir.Bu viruslar daha çox qanköçürmə və təkrar istifadə olunan preparatlar vasitəsi ilə keçir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə deyib ki, hepatit B, C, D və A əsasən qanla yoluxur:
“Virusların əsasən çirkli alətlərdən, təmizlənməmiş materiallardan, iynələrdən keçməsi ehtimalı daha böyükdür. Daha sonra stomatologiyada diş dibini təmizləyən alətlərdən, manipulyasiya, pedikür, manikür zamanı və s. yollarla bu xəstəlik yoluxa bilir. Təəssüflər olsun ki, stomatoloji yollarla bu yoluxmalar üstünlük təşkil edir.Adətən, diş dibində gedən müalicələr zamanı istifadə olunan alətləri stomatoloqlar çox zaman dezinfeksiya etmirlər.Bu da yoluxma yaradır.Rusiyanın özündən xeyli insan bunu yoluxdurur.Bizim 3 milyona yaxın soydaşımız xaricdə yaşayır. Onlar da orada diş və digər sahə həkimlərinə gedir. Beləliklə, xəstəliyin dinamikası artır.Yaxşı olardı ki, profilaktik tədbirlərə diqqət yetirilsin və mümkün qədər xəstəliyin yoluxması azalsın.Kosmetoloji problemlərdə əsasən bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.İnsanlar özləri daha çox diqqətli olmalıdır.Fikrimcə, bu daha çox maariflənmələrdən keçir”.
Ekspert qeyd edib ki, Hepatit A virusu əsasən hava-damcı yolu ilə yoluxur:
“Əsasən ilkin əlamətlərdə halsızlıq müşahidə olunur. Hətta bu virusa yoluxmada xəstəliyi heç hiss etməmək də olar. Bəzi xəstələrdə bu xəstəlik müayinələr zamanı aşkar olunur.Əhaliyə bir tövsiyyəm var. Hazırda Hepatit B virusunun vaksini var. Kim xəstə deyilsə, o vaksini vurdursun. Hər halda 5-7 il immunitet yaradır. Hepatit C-nin vaksini yoxdur.Bu xəstəlik də müalicə olunur.İnsanlar vaxtında həkimə müraciət edib müalicə olunmalıdırlar.Sadəcə olaraq bu xəstəliyə barmaqarası yanaşmaq olmaz”.