Dekabrın 18-də Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçiriləcək.
Azdoktor.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransadan olan mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. IV Beynəlxalq Uroonkologiya Simpoziumu hibrid formatda baş tutacaq və “Zoom” platforması üzərindən yayımlanacaq. Tədbirə qeydiyyat onkologiya, urologiya və radiologiya ixtisasları üzrə aparılır. İştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Tədbirə 24 saat qalmış qeydiyyat zamanı istifadə etdiyiniz elektron ünvana (e-mail) qoşulmaq üçün link və tədbir barədə məlumat göndəriləcək. Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 kredit vahidi verilib.