«Mən zob xəstəsiyəm», yaxud «Mənim zobum var» demək həkim üçün heç də qənaətbəxş anlayış deyil»

«Mən zob xəstəsiyəm», yaxud «Mənim zobum var» demək həkim üçün heç də qənaətbəxş anlayış deyil»

Yazar Yorum Yap 57 views

Qalxanabənzər vəzi orqanizmimizdə həcmcə kiçik, lakin mahiyyətcə böyük endokrin orqanımızdır. Nəticədə, bu kiçik orqanın fəaliyyətinin pozulması böyük problemlərə səbəb olur. Bəs bu problemlər hansılardır? Qalxanabənzər vəzinin əhəmiyyəti nədən ibarətdir? Bununla bağlı jurnalın yeni sayında bu sahə üzrə mütəxəssis, tanınmış həkim-endokrinoloq Hidayət Məmmədzadə ilə həmsöhbət olduq… 

İnsan orqanizmində qalxanabənzər vəzi hansı funksiyaları yerinə yetirir?
Qalxanabənzər vəzi boyunun önündə yerləşən kiçik, kəpənək formalı və 20-25 qram ağırlığında bir orqandır. Bu orqan çox çeşidli funksiyalara malikdir və sanki oyuncaqlara yerləşdirilən batareyalar kimidir. Yəni, oyuncaqların enerji mənbəyi batareyalar olduğu kimi, qalxanvari vəzi də bizim enerji mənbəyimizdir. Bu orqan bədən üçün çox mühüm hormonlar istehsal edir. Həmin hormonların funksiyası isə bizim həyat fəaliyyətimizi müəyyən edir. Bura dəri, ürək, ruhi, cinsi sağlamlıq, termorequlyasiya, hamiləliyin baş verməsi, qadın problemləri, sümük mübadiləsi, osteoporoz məsələləri və s. daxildir. Yəni, qalxanvari vəzi orqanizmin həyat hormonlarını yaradan orqandır. Hətta hər hansı bir insanın qalxanabənzər vəzisi çıxarılarsa, o, cəmi bir neçə ay yaşaya bilər. Nəticə olaraq, orqanizmimizi həyata bağlayan və bizim yaşamamıza səbəb olan hormonları məhz qalxanvari vəzi istehsal edir. Bu xəstəliyin aktual olmasının digər səbəbi isə onun çox geniş yayılmasıdır. Təsəvvür edin ki, orta yaşlı əhalinin (xüsusən də, qadınların) təxminən hər iki nəfərindən birində tireoid problemi var. Bundan əlavə, bir məsələyə də aydınlıq gətirim ki, qalxanabənzər vəzi orqanın adıdır. Bu orqan dünyada tireoid vəzisi kimi məlumdur. Zob sözü isə əhali arasında daha çox məşhurdur. Əslində, zob qalxanvari vəzinin böyüməsini ifadə edən bir simptomdur. Bu xəstəliyin elmi adı latın dilində goiter, türk dilində guatr, rusca zob, Azərbaycan dilində isə urdur.
Qalxanabənzər vəzi xəstə-likləri hansılardır?
Qalxanabənzər vəzi xəstəlikləri çox çeşidlidir. «Mən zob xəstəsiyəm» yaxud «Mənim zobum var» demək həkim üçün heç də qənaətbəxş anlayış deyil. Ümumiyyətlə, bu xəstəliyi izah etmək üçün əsas 3 növü ön plana çıxarırıq. Bunlar nələrdir? İlk hal, yəni tireotoksikoz, hipertireoidizm dediyimiz hallar zamanı qalxanvari vəzinin hormon fəaliyyəti artır və bununla bağlı olaraq, normadan artıq sintez olunan hormon orqanizmdə bütün maddələr mübadiləsini sürətləndirir. Sürətlənmiş maddələr mübadiləsi isə xəstə üçün həm toksiki, həm də əziyyətlidir. İkinci hal qalxanvari vəzidə bunun tam əksi olan hormon çatışmazlığının olmasıdır. Bu, qalxanvari vəzinin hansısa genetik səbəblərdən hormonal defekti, radiasiyaya məruz qalması, cərrahiyyə ilə bağlı olaraq fəaliyyətində çatışmazlıq və s. olmasıdır. Biz buna el arasında tənbəl zob və ya ən çox yayılmış adı ilə «Haşimato» xəstəliyi deyirik. Bu cür xəstələrə ömür boyu davam edəcək əvəzedici hormonal dərman verilir. Üçüncü hal isə qalxanvari vəzidə hormonal tarazlığın pozulmaması ilə xarakterizə olunur. Yəni, hormonların səviyyəsi nə aşağı, nə də yuxarıdır, normaldır. Bu zaman bir sual yaranır. Bəs niyə pasiyentin şikayətləri var? Çünki xəstədə vəzi içərisində yaranan düyünlərin və ya diffuz olaraq böyümüş orqanın yaratdığı estetik qüsur, yaxud boyun orqanlarında kompressiya, təzyiq var.
Zob xəstəliyinin əlamətləri nələrdir və hansı üsullarla müayinə edilir?
Zob xəstələri birdən-birə endokrinoloqlara müraciət etmirlər. Həmin insanlar zobun yaratdığı müxtəlif problemlərlə əlaqədar müxtəlif həkimlərə müraciət edirlər. Bəzən də təəssüf ki, xəstələr lazım olmayan müalicələr alırlar. Buna görə də, zob müalicəsində 2 və ya 3-dən artıq dərman yazan həkimdən uzaqlaşmaq lazımdır. Ümumiyyətlə, müxtəlif dəri və kardioloji problem yaşayanlar, yüksək qan təzyiqi olanlar, idman etsələr və ya pəhriz saxlasalar belə, arıqlaya bilməyənlər mütləq qalxanvari vəzi üçün müayinə olunmalıdırlar. Çünki səbəb yerində qalarsa, yəni düzgün diaqnoz qoyulmazsa, aparılan müalicə də effektiv olmayacaq. Bunlarla yanaşı, zobun əlamətləri növünə görə də dəyişir. Məsələn, zəhərli zob zamanı xəstədə ürəkdöyünmə, gözlərdə bərəlmə, quruma hissi, əllərdə əsmə, titrəmə və tərləmə olduğu halda, hipotireoidizmdə bunun tam əksi olur.
Yəni, hər iki növün əlamətləri bir-birinin əksidir. Düyünlü zobda isə əsasən kosmetik defekt olur. Təsəvvür edin ki, bir hipotireoidizm xəstəsinin zoba dair 50-dən çox şikayəti olur və düzgün diaqnoz qoyulduqda, bu şikayətlər sadə bir müalicə ilə tam aradan qalxır. Məsələn, saç tökülməsi, qəbizlik, kökəlməyə meyillilik, üzdə, əl-ayaqlarda ödemlər, göz qapaqlarında şişkinlik, dırnaq qırılması, əsəbilik, yaddaş pozğunluğu, unutqanlıq, qan təzyiqinin yüksəlməsi, davamlı üşümə hissi və s. bunlara bənzər bir çox problemlər həmin şikayətlərə daxildir. Bundan başqa, bu xəstəlik qadınlar arasında daha çox yayılmışdır. Belə ki, statistik göstəricilərə əsasən, qadınların 40 faizində zob xəstəliyi müəyyən olunur. Əslində, kişilərdə də bu xəstəliyə az rast gəlinmir. Sadəcə olaraq, kişilər həkimlərə daha az mü-raciət edir və statistikadan bir qədər yayınırlar. Həm də qadınlar son protokollara görə, hamiləlik zamanı mütləq şəkildə qalxanabənzər vəzi müayinəsindən keçirlər. Bunlardan əlavə, xəstəliyin yaranmasına qismən coğrafi zona da təsir edir. Yəni, dəniz ətrafı ölkələrdə torpaqda, suda yod az olur və bu da tədricən zob xəstəliyinin yaranmasına şərait yaradır. Çünki qalxanabənzər vəzi hormon istehsalı üçün yod elementindən istifadə edir.
Düyünlü zob nədir?
Qalxanvari vəzidə olan ən sadə kistalardan tutmuş, xərçəngə çevrilə biləcək metastatik kütlələrə qədər bütün ocaqlı törəmələr düyün adlanır. Burada düyünün ölçüsü vacib deyil. Çünki xərçəng ölçüdən asılı deyil. Yəni, qalxanvari vəzinin düyünlərindəki müəyyən onkoloji risklər, limfa düyünlərinə olan metastazlar var ki, onlar ultrasəs müayinəsi ilə aşkar edilir. Onlar lazım olduğu halda biopsiya edilir və araşdırılır. Ümumi olaraq onu deyə bilərəm ki, düyünün onkoloji riskinin yüksək və ya aşağı olması bizim üçün maraqlıdır. Bu düyünlər həkim-endokrinoloq tərəfindən həmişə müşahidə olunmalı və nəzarətdə saxlanmalıdır. və bəzi analizlər vermək lazım gəlir. Yəni, düyündən nümunə götürülür və həmin düyünün xərçəng riski daşıyıb-daşımadığı müəyyən edilir. Ümumi olaraq, deyə bilərəm ki, qalxanvari vəzi xəstəlikləri, hətta tireoid xərçəngi belə, əksər hallarda mütəxəssis tərəfindən protokollara əsasən düzgün müalicə edildikdə təhlükəli xarakter daşımır.
Hansı hallarda qalxanabənzər vəzi xəstəliyi üçün əməliyyat vacib hesab olunur?
Pasiyent üç əsas halda əmə-liyyata göndərilir. Birinci halda əgər pasiyentin qalxanvari vəzisində xərçəng şübhəsi varsa və ya tapılan düyündə xərçəng aşkarlanıbsa, mütləq cərrahi əməliyyat həyata keçirilməlidir. İkinci halda dərman müalicəsinə tabe olmayan, radioaktiv yod müalicəsinə əks göstərişləri olan zəhərli zob xəstələrində radikal olaraq cərrahi əməliyyat məsləhət görülür. Üçüncü halda isə qalxanvari vəzidə böyük düyünlər olur və həmin düyünlər estetik problemlər yaradır, xəstəni boğur, öskürək və s. kimi buna bənzər diskomfort şikayətlər yaradır. Onkoloji problemlər olmasa da, belə düyünlərin yaratdığı şikayətlərə və kosmetik problemlərə görə pasiyent əməliyyata göndərilir.
Hamiləlik zamanı qalxanabənzər vəzinin funksiyasının pozulmasının uşağa təsiri varmı?
Bəli, qalxanabənzər vəzinin funksiyasının pozulmasının uşağa çox böyük təsiri var. Buna görə də, qəbul olunmuş protokollara əsasən, hamiləlik planlaşdıran hər bir qadın qalxanvari vəzisini yoxlatdırmalıdır. Bundan əlavə, qalxanabənzər vəzidə olan hormonal dəyişiklik çox vaxt sonsuzluğa səbəb olur. Əgər hər hansı bir qadın hamilə qalmışsa, böyük ehtimal ki, onun qalxanabənzər vəzi fəaliyyəti normaldır. Hamiləliyin növbəti mərhələlərində əgər ananın qalxanabənzər vəzisində hər hansı bir problem varsa, bu, mütləq şəkildə özünü büruzə verəcək. Yəni, uyğun müalicə edilmədikdə, uşaqda əqli inkişaf geriliyi və bir çox qüsurlar əmələ gələcək. Bunların qarşısını almaq məqsədi ilə hamiləliyin erkən dövründə, hətta hamiləlik plan-laşdırılan zaman qalxanabənzər 
Bəs uşaqlarda necə, onlarda da zob xəstəliyinə rast gəlmək mümkündürmü?
İlk olaraq nəzərinizə çatdırım ki, zob xəstəliyi yaş tanımır. Yəni, istənilən yaşda qalxanvari vəzi xəstəlikləri ilə üzləşmək mümkündür. Uşaqlarda isə bu proses daha aqressivdir. Belə ki, yetkin insanlarda hər tireoid düyünü 10 faiz xərçəng riski daşıyırsa, uşaqlarda isə bu risk daha yüksəkdir. İnkişaf etmiş ölkələrdə uşaq doğulandan sonra ilk 7 gün ərzində daban qanı nümunəsi götürülərək bir çox xəstəliklər, həmçinin, qalxanvari vəzi xəstəlikləri də aşkar edilir. Çünki uşağa gec diaqnoz qoyulduqda, həmin uşaq ailə və cəmiyyət üçün itirilmiş hesab olunur. Bu uşaqlar normal böyümür, əqli inkişafında gerilik baş verir, nitqi qüsurlu olur və ya danışmır. Lakin uşağa vaxtında diaqnoz qoyularsa, onun həyatı xilas olur və normal həyatına davam edir. Mən hətta bətndaxili inkişaf dövründə «fetal ur» diaqnozu qoyduğum və sadə bir müalicə ilə müalicə etdiyim pasiyentlərimi xatırlayıram. Onlar bu gün də həyatlarını tam aktiv və normal şəkildə davam etdirirlər. Bu baxımdan mən çox istərdim ki, daban testi bizim ölkəmizdə də həyata keçirilsin.
El arasında «Zoba bıçaq vurmaq olmaz», «Zob qurbağa ilə müalicə edilə bilər» kimi fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir? Doğrudurmu?
Bir həkim kimi bu sözlərə münasibətim mənfidir. Bunlar 21-ci əsrlə uyğunlaşmayan və heç bir elmi əsası olmayan fikirlərdir. Təəssüf ki, qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi çoxları tərəfindən asan müalicə olunan xəstəlik hesab olunur. Bunun həyat boyu davam edəcək bir proses olduğu unudulur. Təbii ki, insanlar bu sualları həkimlərə də ünvanlayırlar. Ümumiyyətlə, mən çalışıram ki, xəstələrin düşüncələrinə hörmətlə yanaşım və onlara bu fikirlərin elmi əsası olmadığını başa salım.
Son olaraq bu sahədə bir mütəxəssis kimi oxuculara tövsiyələriniz…
İlk növbədə, unutmayaq ki, bu xəstəliklər dünyada çox geniş yayılmış xəstəliklərdir. Bu baxımdan hər bir insan heç olmasa həyatında bir dəfə qalxanabənzər vəzisini müayinə etdirməlidir. Daha əvvəl də qeyd etdiyim kimi, qalxanabənzər vəzi müayinəsi hormon səviyyələrinin qan analizi və ultrasəs müayinəsi ilə həyata keçirilir. Bundan əlavə, qalxanabənzər vəzi problemi olan insanlar bilməlidirlər ki, zob xəstəliyi ömür boyu nəzarət tələb edir. Dərmanın verilməsi isə daim həkim nəzarətində olmalıdır. Çünki əhalinin çox hissəsi, adətən, qalxanabənzər vəzi əməliyyatından sonrakı nəzarət üçün cərraha müraciət edir. Bu isə yanlış bir yanaşmadır. Dünya praktikasında bu iş komanda şəklində aparılır və bu xəstəliyə hakim olan mütəxəssis həkim-endokrinoloqdur. Cərrahlar bu işin əməliyyatdan sonrakı hissəsini, hətta cavab xərçəng olsa belə, endokrinoloqa həvalə etməlidir-lər. Xəstənin əməliyyat olunmasına, əsasən, endokrinoloq qərar verir. Yəni, biz qərarvericiyik, cərrahiyyə isə bu işdə icraedicidir. Cərrah xəstəni bir dəfə görür, biz isə həyatı boyu. Bu xəstəliyin lazım olduğu hallarda əməliyyat, radioaktiv yod və dərman müalicəsindən başqa dördüncü müalicə üsulunun olmadığını da əhalimizə bildirmək istəyirəm. Qeyri-endokrinoloq ixtisaslı həkim, bu iş nə qədər sadə görünsə belə, mütləq qalxanabənzər vəzi xəstəliyi şübhəsi olan xəstələri düzgün müalicə üçün endokrinoloqa yönləndirməlidir. Əməliyyatdan əvvəl də, sonra da qalxanvari vəzi xəstəliyinə nəzarət edilməsi endokrinoloqun birbaşa vəzifəsidir. Mənim sizə söylədiklərim Amerikanın, Avropanın, yəni müasir dünya ölkələrinin təcrübəsidir. Bundan başqa, xəstələr onlara təyin edilən dərmanları vaxtlı-vaxtında qəbul etməli, müayinələrini gecikdirməməli, məsləhətlə müalicə almamalı, özfəaliyyətlə məşğul olmamalıdırlar. Son olaraq qeyd edim ki, qalxanvari vəzi xəstəliklərinin diaqnostikası, müalicəsi və nəzarəti düzgün şəkildə aparılarsa, bu pasiyentlər heç bir problem yaşamadan normal həyatlarını davam etdirə bilərlər./Fraza jurnalı

Etiketler